Müdafiə Nazirliyi azad edilmiş ərazilərimizdə (Qarabağ və Şərqi Zəngəzur - İF) mühəndis-istehkam işlərinin davam etdiyi barədə məlumat verilir.
“Nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən yollar minalardan təmizlənir, abadlaşdırılır, döyüş mövqelərinin və səngərlərin möhkəmləndirilməsi işləri həyata keçirilir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizə yeni təminat yolları çəkilir”, -məlumatda deyilir.
Qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 17,2 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə, 6 min ədəddən artıq piyada əleyhinə, 2,1 min ədəddən artıq tank əleyhinə və 9,4 min ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. **
X.Nəsirzadə