“Umid Babek Operation Company” (UBOC) “Ümid-1” platformasında (“Ümid-Babək” bloku) yenidənqurma işlərini başa çatdırır. Bu barədə SOCAR-dan məlumat verilib.
“Sözügedən işlər 2019-cu ildən etibarən “Ümid-1 Stasionar Dəniz Özülündə (SDÖ) hasilatın sürətləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas hədəfi “Ümid-1” özülündən nəql sisteminin məhdudiyyətlərini aradan qaldırmaq və yeni quyuları qazmaqla hasilatı artırmaqdır. Yataqdan cari nəql xətlərində məhdudiyyətləri nəzərə alaraq, gündəlik 3 milyon kubmet qaz və 470 ton (3600 barel) kondensat hasil olunur və SOCAR-ın texnoloji sistemi ilə “Daşgil” terminalına nəql etdirilir. “Ümid-1 Stasionar Dəniz Özülündə hasilatın sürətləndirilməsi” layihəsi reallaşdırıldıqdan sonra gündəlik təhlükəsiz qaz hasilatının 8,1 milyon kubmetrə, kondensat hasilatının isə 1 200 tona (9 000 barel) qədər artırılması nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Layihə çərçivəsində Ümid-1 SDÖ-də aparılan yenidənqurma, uzunluğu 54 km olan 20 düyməlik (500 mm-lik) sualtı nəql xəttinin və onun quruda olan təqribən 3.7 km hissəsinin çəkilməsi, “Daşgil-2” terminalından qaz nəql xəttinin tikintisi, Səngəçal Baş Qurğularında (SBQ) SOCAR-ın qaz nəql sisteminə birləşmə məntəqəsi üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir.
“Hazırda Ümid-1 SDÖ-də və quruda aparılan işlər son tamamlanma mərhələsindədir. Ümid-1 SDÖ-dən qazın sahilə çatdırılması üçün nəql xəttinin sualtı hissəsinin tikintisinə bu ilin aprel ayında “İsrafil Hüseynov” borudüzən gəmisi vasitəsilə başlanılıb. Layihənin ən çətin hədəflərindən biri olan quruya yaxın yerləşən 2.1 km-lik boru xəttinin çəkilməsi artıq tamamlanıb. Bu hədəfə çatmaq üçün UBOC-un peşəkar layihə idarəetmə heyəti podratçı BOSS PİC şirkətinin əməkdaşları ilə birgə bütün çətinliklərin öhdəsindən uğurla gəlib. Qısa müddət ərzində uzunluğu təqribən 2.2 km, eni 15 m olan qoruyucu torpaq bənd (damba) inşa olunub”, - deyə məlumatda qeyd olunur.
“Ümid” yatağı 2012-ci ilin sentyabr ayında istismara verilib.
Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişi 2017-ci il yanvarın 12-də SOCAR ilə “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti arasında imzalanıb və may ayında qüvvəyə minib. Sazişə, həmçinin “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti ilə “Umid, Babek Exploration&Production” şirkəti arasında bağlanmış ““Ümid-Babək” blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” müqavilə də əlavə olunur.
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat, “Babək” strukturunun ehtiyatları isə 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir.
“Ümid-Babək” blokunun işlənməsinin növbəti mərhələsində daha bir hasilat platformasının (“Ümid-2”) quraşdırılması planlaşdırılır.*
N.Abbasova