Səhiyyə naziri Teymur Musayev mayın 20-də Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionunun səhiyyə, qidalanma və əhali üzrə praktika meneceri Tania Dmitraçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə DB nümayəndələri “2022-2026-cı illər üçün Azərbaycanın Milli Səhiyyə İnformasiya Strategiyasının hazırlanması” layihəsini təqdim ediblər.
Tərəflər, həmçinin Azərbaycanda elektron səhiyyə strategiyasının hazırlanmasında texniki yardım layihəsinin həyata keçirilməsini müzakirə ediblər.
Rəqəmsal texnologiyalardan istifadənin səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini diqqətə çatdıran T.Musayev səhiyyə sisteminin təkmilləşdirilməsinin ölkəmiz üçün prioritet məsələ olduğunu bildirib.
Öz növbəsində, T.Dmitraçenko Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayaraq, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini diqqətə çatdırıb.*
X.Nəsirzadə