Mayın 20-də İtaliyanın Turin şəhərində keçirilən Avropa Şurasının Nazirlər Komitəsinin 132-ci iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri Bucar Osmani ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Görüşdə iki ölkə arasında mövcud olan münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, habelə əlaqələrin daha da inkişafı istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən irəli gələrək dialoqun davam etdirilməsi razılaşdırılıb”, - deyə məlumatda bildirilir.
Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialın mövcudluğu və həmin potensialdan istifadənin vacibliyi qeyd olunub.
Nazirlər Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıblar.
“Tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər. Görüşdə, həmçinin regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə