Baş nazir Əli Əsədov bildirib ki, Bakı Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9/10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsini gözləyir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 20-də MDB Hökumət Başçıları Şurasının videokonfrans rejimində keçirilən iclasında çıxış edən Ə.Əsədov Şura üzvlərinin diqqətini regionda münaqişədən sonrakı vəziyyətə cəlb edib.
Baş nazir münaqişənin keçmişdə qaldığını qeyd edərək, bir daha Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırıla bilən olmağa sadiqliyini ifadə edib. “Bizim siyasətimiz tamamilə açıq və aydındır. Biz Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət regionuna çevrilməsi məqsədilə konstruktiv dialoq və birgə iş üçün açığıq”, - deyə o bildirib.
Sülh sazişi ilə əlaqədar Azərbaycanın irəli sürdüyü beş əsas prinsipin Ermənistan tərəfindən qəbul edildiyini bildirən baş nazir deyib: “Bu beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT-nin Nizamnaməsinə və Helsinki Yekun Aktına müvafiqdir”.
Ə.Əsədov qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa, sülh sazişi imzalamağa və sərhədlərin delimitasiyasına hazırdır. Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyətinin, habelə Ermənistan ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın tərkibini artıq müəyyən edib.
Bununla bərabər, Ə.Əsədov qeyd edib ki, Azərbaycan Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsini gözləyir.
“2020-ci il 9-10 noyabr tarixli Üçtərəfli Bəyanatın erməni silahlı dəstələrinin Azərbaycan Respublikası ərazisindən kənara çıxarılmasını nəzərdə tutan 4-cü bəndinin hələ yerinə yetirilməmiş qalması Azərbaycan tərəfini narahat edir. Üçtərəfli işçi qrup çərçivəsində davam edən görüşlərə baxmayaraq, Üçtərəfli Bəyanatın 9-cu bəndinə müvafiq olaraq regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında irəliləyiş müşahidə olunmur”, - deyə o vurğulayıb.
Ə.Əsədov əlavə edib ki, rəsmi Bakı hər iki məsələ üzrə ən yaxın vaxtlarda ciddi irəliləyiş gözləyir və bu istiqamətdə zəruri tədbirlərin görülməsini vacib hesab edir.
Baş nazir vurğulayıb ki, nəqliyyat kommunikasiyalarının, çoxşaxəli nəqliyyat arteriyaları şəbəkəsinin, o cümlədən Zəngəzur dəhlizinin açılması regiondakı bütün xalqların mənafelərinə cavab verir.
Ə.Əsədov iclas iştirakçılarını bir daha əmin edib ki, Azərbaycan bundan sonra da regionda sülhün möhkəmlənməsinə və tərəqqiyə töhfə verəcək.*
R.Əhmədov