Xarici işlər naziri Ceyhun Bayramov mayın 20-də Turin şəhərində keçirilən Avropa Şurasının Nazirlər Komitəsinin iclası çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Görüşdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edilib. Nazirlər ikitərəfli əməkdaşlığın iqtisadi, ticarət, siyasi, humanitar və s. sahələrdə inkişafı perspektivlərini qeyd ediblər”, - deyə məlumatda bildirilir.
Görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”in yaxın zamanda qüvvəyə minməsi, mülki aviasiya sahəsində əməkdaşlıq, həmçinin iki ölkə arasında mövcud olan turizm potensialının səmərəli istifadəsi imkanları ətrafında fikir müdadiləsi aparılıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.*
X.Nəsirzadə