Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Cənubi Qafqazda təhlükəsizlik, sülh və sabitliyə nail olmaq üçün Aİ-nin Azərbaycan və Ermənistanla sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
“Aİ vəziyyəti diqqətlə izləyir və gərginliyin aradan qaldırılmasında yaxından əməkdaşlıq etmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və çiçəklənən Cənubi Qafqazın yaradılmasına kömək etmək üçün Ermənistan və Azərbaycanla əməkdaşlığının dərinləşdirilməsinə əvvəlki kimi sadiqdir”, - deyə o bildirib.
Diplomat qeyd edib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə görüşdə etimadın möhkəmləndirilməsi və dinc birgə yaşayışın təmin edilməsi üçün hər iki tərəfdən humanitar jestlərin vacibliyini vurğulayıb.
“Hər iki lider öz ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan ediblər. Aİ yüksək səviyyədə təmaslarla yanaşı, hər iki ölkə ilə insan hüquqları məsələləri ilə bağlı mütəmadi olaraq dialoqlar aparır. Bu dialoqlar zamanı münaqişənin humanitar aspektləri nəzərdən keçirilir”, - deyə Borrel bildirib.*
E.Şəfiyev