Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə keçiriləcək görüşündə sülh sazişi ətrafında danışıqlara başlamaq üçün tərəflərin təklif etdiyi bəndlər müzakirə olunacaq. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Gündəliyə Ermənistan və Azərbaycanın münasibətlərin tənzimlənməsi və ya sülh danışıqlarına başlanılması üçün təklif etdiyi bəndlər, əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın işə başlaması məsələləri daxildir”, - deyə Qriqoryan “Armenpress” agentliyinə bildirib.
Onun sözlərinə görə, Əliyev və Paşinyanın görüşündə hər hansı sənədin imzalanması planlaşdırılmır.
“Regional kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrup (Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi – İF) var və ən yüksək səviyyədə əldə olunmuş razılaşmalar bu formatda müzakirə edilməlidir. Eyni sözləri iş formatlarında ətraflı müzakirə olunan digər məsələlər haqqında da demək olar. Ona görə də Brüsseldə heç bir sənədin imzalanması planlaşdırılmır”, - deyə Qriqoryan qeyd edib.*