Qarabağ Erməniləri Hərəkatının lideri Artur Ağacanov Ermənistan xalqına və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə müraciət edib.
“Bu gün erməni xalqı heç vaxt olmadığı qədər siyasi və sosial-iqtisadi çətinliklər yaşayır. Bütün bunların səbəbi həm xaricdən, həm də ölkə daxilində uzun illərdir davam edən qarşıdurmadır. Xaricdən bu, qonşu ölkə Azərbaycanla, ölkə daxilində isə bir tərəfdən baş nazir Paşinyanın rəhbərlik etdiyi indiki hakimiyyət, digər tərəfdən isə keçmiş prezidentlər Köçəryan və Sarqsyan arasında qarşıdurmadır. Nəticədə Ermənistan cəmiyyəti bu gün bir neçə qrupa bölünüb. Bir qrup Paşinyanın tərəfdarlarıdır, onların opponentləri isə Köçəryan və Sarqsyanın tərəfdarlarıdır. Üçüncü tərəf də var – bu, uzun illərdir davam edən bu qarşıdurmadan, siyasi və iqtisadi böhrandan yorulmuş tərəfdir”, - deyə Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Ermənistanda siyasi və iqtisadi böhranın əsas səbəbləri Azərbaycana qarşı irəli sürülən əsassız ərazi iddialarıdır ki, bu da Ermənistanın 2020-ci ilin payızında hərbi məğlubiyyəti və məngənəsindən indiyədək qurtula bilmədiyi dərin sosial-iqtisadi böhranla üzləşməsi ilə nəticələnib. “İrəvanda artıq dərk etməlidirlər ki, Bakı ilə sülhə, Azərbaycana qarşı istənilən iddiadan imtinaya alternativ yoxdur. Bundan başqa, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi də vacibdir”, - deyə o qeyd edib.
Qarabağ Erməniləri Hərəkatının lideri hesab edir ki, Ermənistan və Azərbaycan iki ölkə arasında sərhədlə bağlı bütün mübahisəli məsələləri vasitəçilərsiz, yəni üçüncü ölkələrin iştirakı olmadan həll edə bilərlər. “Qarabağa gəldikdə isə, burada əsas məqam Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təhlükəsizliyin təminatıdır, Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi isə Azərbaycan Konstitusiyası əsasında həyata keçirilməlidir”, - deyə o vurğulayıb.
Ağacanov əlavə edib ki, bu gün erməni xalqı seçim qarşısındadır: demokratik cəmiyyətin yaradılması, Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin qurulması, iqtisadi rifah və siyasi sabitlik ya da revanşizm, siyasi və iqtisadi böhran, üstəgəl qonşularla əbədi qarşıdurma. “Erməni xalqı, bu iki yol arasında seçim sizin əlinizdədir. Seçim zamanı daha bir faciəvi səhv Cənubi Qafqazda erməni dövləti və erməni xalqını fəlakətə sürükləyə bilər”, - deyə o bildirib.*
R.Əhmədov