“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aviaşirkəti “PAŞA Travel” turoperator ilə birgə 2022-ci ilin yay uçuş cədvəli çərçivəsində Monteneqroya çarter proqramını bərpa edir.
“AZAL və “PAŞA Travel” 2022-ci ilin yay uçuş cədvəli çərçivəsində Monteneqroya çarter proqramının bərpası barədə razılığa gəlib. Belə ki, iyunun 30-dan sentyabrın 1-dək Bakı-Tivat-Bakı marşrutu üzrə reyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək”, - aviadaşıyıcının məlumatında qeyd olunur.
Bakı-Tivat-Bakı marşrutu üzrə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür. Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kiloqrama qədər ekonom sinfində və 32 kiloqramda biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalar daxildir.
Monteneqronun müasir kurort şəhəri olan Tivat Vrmas yarımadasında Boka-Kotor körfəzinin sahilində yerləşir. Tivat Beynəlxalq Hava Limanı – Monteneqro sahilində yeganə hava limanıdır və onun ən məşhur kurortları yaxınlığında yerləşir.
Bu istiqamətin əsas üstünlüklərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.
Həmin reyslərdə daşıma üçün müəyyən edilmiş şərtlərə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək. **
B.Rüstəmbəyov