2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 7% - 18 milyard 320 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Apreldə bankların kredit portfeli 1,7% və ya 312,2 milyon manat artıb.
Aprelin sonuna vaxtı keçmiş kreditlərin həcmi 674,8 milyon manat (hesabat dövründə azalma 6,2% - İF) və ya bütün kreditlərin 3,7%-ni (2021-ci ilin sonuna 4,2%) təşkil edir.
Aprelin 30-na dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 597,1 milyon manat (artım 7,9%) və ya bütün kreditlərin 19,6%-i, özəl banklar tərəfindən 14 milyard 243,3 milyon manat (artım 6,9%) və ya bütün kreditlərin 77,7%-i həcmində kredit verilib. Qalan 479,6 milyon manat (artım 4,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Mayın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 13 milyard 872,1 milyon manat (artım 9,2%) milli valyuta, 4 milyard 447,9 milyon manat (artım 0,5%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 24,3% (2021-ci ilin sonuna 25,8%) təşkil edir.
Bankların kredit qoyuluşlarının strukturunda 3 milyard 137,6 milyon manat (bütün kreditlərin 17,1%-i) ticarət və xidmət sahələrinin, 724,6 milyon manat (4%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 592 milyon manat (3,2%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 69,8 milyon manat (5,8%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 25,1 milyon manat (5,6%) sənaye və istehsal sektorunun, 742,7 milyon manat (4,1%) nəqliyyat və rabitə sahələrinin, 9 milyard 460,7 milyon manat (51,6%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-aprel aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 9,9% artıb (apreldə artım 2,1% və ya 197,9 milyon manat təşkil edib).*
X.Nəsirzadə