Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi üçtərəfli görüşü müsbət qiymətləndirib.
“Paşinyan Brüsseldə keçirilmiş üçtərəfli görüş barədə təəssüratlarını bölüşüb, danışıqların ümumilikdə müsbət keçdiyini vurğulayıb”, - deyə Ermənistan hökumətinin mətbuat xidmətindən bildiriblər.
Baş nazir və dövlət katibi bölgədə kommunikasiyaların açılması, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
“Blinken ABŞ-ın Ermənistanda demokratik islahatlara, Qarabağ probleminin həllinə, Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına, regional kommunikasiyaların açılmasına və bölgədə sabitliyin bərqərar olmasına dəstəyi davam etdirməyə hazır olduğunu bir daha təsdiq edib”, - deyə məlumatda qeyd olunur.
Tərəflər, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi mövzusunda da fikir mübadiləsi aparıblar.*