2021-ci ildə kapitalında dövlət payı olan dövlət şitkərləri və banklar Azərbaycanın dövlət büdcəsinə 127 milyon 24,2 min manat ($74,7 milyon) məbləğində dividend ödəyiblər. Bu barədə “İnterfaks-Azərbaycan”a Hesablama Palatasından məlumat verilib.
Eyni zamanda, 2021-ci ildə kapitalında dövlət payı olan dövlət şitkərləri və banklardan dividendlər üzrə plan 75,6% icra olunub.
Hesablama Palatasının məlumatına əsasən, dövlət büdcəsinin dividend gəlirlərinin bu cür artımı ən iri bank olan “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən uzun müddət ərzində ilk dəfə dividenlərin ödənilməsi ilə əlaqədardır. 2021-ci ildə bank tərəfindən dövlətə 120 milyon 824,2 min manat dividend ödənilib (plandan 0,7% çox).
Bundan əlavə, “Aqrarkredit” QSC tərəfindən 200 min manat (plana uyğundar), “Azərlotereya” QSC tərəfindən – 1 milyon manat (plan 100% icra olunub) dividend ödənilib.
“Azər-Türk Bank” ASC-nin 2021-ci ildə dövlətə 750 min manat məbləğində dividend ödənilməsi planlaşdırılırdı. Lakin, bankın 2020-ci maliyyə ilini 423,5 min manat mənfəətlə başa vurmasına baxmayaraq, həmin məbləğ bankın kapital mövqeyinin və maliyyə dayanıqlılığının qorunması adı ilə dividend kimi səhmdarlara ödənilməmiş və bankın kapital hesablarına aid edilib”, - Palatadan qeyd edilib.
Bundan başqa, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC dövlət büdcəsinə 100 min manat məbləğində dividend ödəməli idi, lakin faktiki olaraq ödənişlər həyata keçirilməyib.
Palatadan əlavə olunub ki, 2021-ci ildə 5 iri dövlət şirkətindən 46 milyon manat ümumi məbləğdə dividendlərin əldə olunması gözlənilirdi. “Lakin yalnız "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 5 milyon manat ödəyib”, - Hesabalama Palatasından qeyd olunub. **
A.Əzizov