2021-ci ildə Azərbaycan hökuməti azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə işlərinə dövlət büdcəsindən 97,6 milyon manat (cari məzənnə ilə $57,4 milyon) ayırıb. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“2021-ci ildə Azərbaycanın azad edilmiş ərazilərinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsinə dövlət büdcəsindən 105,8 milyon manatın ayrılması nəzərdə tutulmuşdu. Bu məbləğin 97,6 milyon manatı sərf olunub”, - Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Azərbaycan hökuməti azad edilmiş ərazilərdə mina təhlükəsini əsas problemlərdən biri hesab edir. Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi cəmi 25% təşkil edir. 10 noyabr 2020-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzurda mina partlaması nəticəsində Azərbaycanın 200-dən çox mülki şəxsi və hərbi qulluqçusu həlak olub və xəsarət alıb.
2021-ci ildə Azərbaycan hökuməti azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə prosesinə başlayıb. Həmçinin, digər ölkələr bu prosesə cəlb olunub. **
R.Əhmədov