Azərbaycan hökuməti dövlət büdcəsində neftin qiymətini müəyyən etdiyi zaman konservativ siyasəti davam etdirəcək. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“Son iki il (2020-2021-ci illər - İF) proqnozlaşdırma (maktoriqtisadi göstəricilərin - İF) nöqteyi-nəzərindən ağır idi. Dünya bazarında neftin qiymətini heç kəs dəqiq proqnozlaşdıra bilmir. Ötən il qiymət büdcədə nəzərdə tutduğumuzdan və hesabladığımızdan yuxarı olub. Büdcədə daha aşağı qiymət hesablayaraq biz özümüzü sığortala bildik. Neftin qiymətinin aşağı götürülməsi siyasəti bundan sonra da davam etdiirləcək”, - Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
2021-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $71,6 (2020-ci ildə $43,7) təşkil edib. 2021-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 45 ABŞ dollarına bərabər götürülmüşdü.
Azərbaycanın 2022-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarına bərabər götürülüb. Buna baxmayaraq, 2022-ci ilin I rübündə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta qiyməti $102,68 təşkil edib.**
R.Əhmədov