Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ilin I rübündə valyuta bazarına müdaxilə çərçivəsində $132,9 milyon məbləğində xarici valyuta alıb.
“2022-ci ilin I rübündə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub və $132,9 milyon təşkil edib”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Yanvar-mart aylarında Mərkəzi Bankda 23 valyuta hərracı keçirilib. “Neftin dünya bazarında qiymətinin yüksəlməkdə davam etməsi nəticəsində gözləntilərin yaxşılaşması valyuta bazarına əlavə sabitləşdirici təsir göstərib”, - deyə məlumatda vurğulanır.
I rübdə kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6979 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil edib.
AMB 2021-ci ildə valyuta bazarına müdaxilə çərçivəsində $245 milyon alıb (2020-ci ildə bu cür əməliyyatlar həyata keçirilməyib).*
A.Əzizov