Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ilin I rübünün sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin qalığını 810 milyon manat məbləğində qiymətləndirir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə AMB-nin 2022-ci ilin I rübü üzrə Pul siyasəti icmalında bildirilir.
“Mərkəzi Bank 2022-ci ilin I rübündə 13 not hərracı keçirib. Rübün sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 810 milyon manat təşkil edib”, - deyə icmalda qeyd olunur.
Notların yerləşdirilməsi üzrə hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunub.
“Son hərraclarda formalaşan gəlirlilik 84 günlük notlar üzrə 3.4%, 168 günlük notlar üzrə 4%, 28 günlük notlar üzrə isə 6.26% olub”, - deyə icmalda bildirilir.
AMB-də hesab edirlər ki, notlar banklararası bazarın aktivləşməsinə müsbət təsir göstərib. Belə ki, rüb ərzində banklararası REPO bazarında 1.2 milyard manatlıq 391 əqdin 822 milyon manatlıq 145 əqdi Mərkəzi Bankın notları əsasında bağlanıb.*
R.Əhmədov