2022-ci ilin yanvar-mart aylarında banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin I rübünə nəzərən 12.5% artaraq $1,2 milyard ekvivalentində olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
“Bunun 89.7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - deyə məlumatda bildirilir.
Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması şəraitində ümumi iqtisadi aktivliyin artması ilə nağd xarici valyutanın xalis satışı ötən ilin müvafiq dövrünə nəzərən 66.2% artıb.
I rübdə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 25.8% artaraq $7,4 milyard ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 86.9%-i ABŞ dollarında, 13.1%-i isə digər valyutalarda aparılıb.
AMB-nin məlumatına görə, valyuta əməliyyatlarının 30.1%-i banklararası valyuta bazarında (BVB), 69.9%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
Rüb ərzində BVB-də əməliyyatların 99.6%-i ABŞ dollarında aparılıb. “BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb”, - deyə məlumatda qeyd olunur.
BDVB-də valyuta əməliyyatlarının həcmi $5,2 milyard ekvivalentində olub ki, bunun da 81.2%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93.9%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.*
X.Nəsirzadə