Polşanın “LOT” aviaşirkəti mayın 28-dən Varşava-Bakı marşrutu üzrə uçuşlara başlayır. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatında deyilir.
“Polşa aviadaşıyıcısı mayın 28-də Varşavadan Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirəcək. Uçuşlar həftədə 4 dəfə yerinə yetiriləcək”, - deyə məlumatda bildirilir.
AZAL-ın prezidenti Cahangir Əsgərov mayın 26-da “LOT” aviaşirkətinin baş icraçı direktoru və İdarə Heyətinin sədri Rafal Milçarskinin (Rafal Milczarski) başçılıq etdiyi Polşa nümayəndə heyətini qəbul edib.
“Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib. Tərəflər hava əlaqəsinin başlanması münasibətilə bir-birini təbrik edərək, reyslərin davamlı yerinə yetirilməsinə ümid etdiklərini bildiriblər. İki ölkə arasında uçuşların başlanması turizm axınını artırmağa və Azərbaycanla Polşa arasında işgüzar əlaqələri genişləndirməyə imkan verəcək”, - deyə məlumatda qeyd olunur.
“LOT” aviaşirkətinin rəhbəri Rafal Milçarski Azərbaycan və Polşa arasında reyslərin yerinə yetirilməsinə böyük maraq göstərdiyini qeyd edib. Onun sözlərinə görə, müntəzəm reyslərin yerinə yetirilməsi hər iki ölkənin qarşılıqlı faydalı maraqlarının inkişafına təkan verəcək.*
N.Abbasova