Prezident İlham Əliyev mayın 26-da Füzuli rayonuna səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olub. Bu barədə dövlət başçısının saytında dərc olunmuş məlumatda deyilir.
Prezident İlham Əliyevə məlumat verilib ki, ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir.
Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. “Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.
Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Ermənistanla sərhədə qədər və eyniadlı dəmir yolu xəttinə paralel inşa ediləcək. Sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.*
B.Rüstəmbəyov