Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan hərbi güc də daxil olmaqla, öz gücünü artırmağa davam edəcək, çünki bu gün beynəlxalq hüquq işləmir və güc amili ön plandadır.
“Bu gün güc amili ön plandadır. Mən bu haqda hələ on il bundan əvvəl demişdim. Mənim çıxışlarımın hamısı mətbuatda var. Dedim ki, beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa düşməni güc yolu ilə torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu etmişəm də”, - Əliyev cümə günü Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən söyləyib.
Onun sözlərinə görə, Azərbaycan öz daxili işlərinin kənardan müdaxiləsinə qarşıdır.
“Güc amili bundan sonra da dünyada hakim olacaq. Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. (...) Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra (2020-ci ilin payızında Erməistanla - İF) yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd apara bilər. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur”, - Əliyev vurğulayıb. **
E.Şəfiyev