İyul ayında “Azpetrol” şirkəti Abşeron rayonunda yeni yanacaqdoldurma məntəqəsini (YDM) stismara verməyi planlaşdırır.
“Şirkətimiz əldə etdiyi nəaliyyətlər və bazarda əldə etdiyi şəbəkə sayına görə liderlik mövqeyinı daha da möhkəmləndirmək niyyətindədir. Xüsusilə, iyul ayında “Azpetrol”un Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yeni yanacaqdoldurma məntəqəsinin tikintisi başa çatdırılıb istismara veriləcək, iyun ayında isə Ağcabədi rayonunda yeni yanacaqdoldurma məntəqəsinin tikintisinə başlanılacaq”, - “Azpetrol” şirkətinin rəhbəri Ceyhun Məmmədov bəyan edib.
O, həmçinin məlumat verib ki, şirkət elektromobillərə xidmət məntəqələrinin sayına görə bazarda liderlik mövqeyini əldə edə bilib.Hazırda "Azpetrol"un 17 yanacaqdoldurma məntəqəsində elektrik doldurma stansiyaları quraşdırılıb.Onlardan 3-ü regionlarda (“Şamaxı” YDM, “Kürdəmir ASAN” YDM və “Salyan” YDM), daha bir elektrik yükləmə stansiyası “Sumqayıt-1 YDM” (Bakı-Sumqayıt yolu) ərazisində fəaliyyət göstərir. Bakıda elektromobillərə xidmət üçün 13 yükləmə stansiyası quraşdırılıb.
“Azpetrol” şirkətinin strateji inkişaf planı çərçivəsində elektrik doldurma stansiyalarının sayının və əhatə dairəsinin genişlənməsi təbii ki, nəzərdə tutulub və bu planın həyata keçirilməsi ölkədə elektromobillərin sayının, yəni tələbatın artmasından asılı olacaq”, - Məmmədov deyib.
O, həmçinin məlumat verib ki, şirkətin ümumi satış dövriyyəsinin 55%-ni nağdsız hesablaşmalar təşkil edir.
“Ümumi, respublika üzrə isə POS-terminallar üzərindən aparılan nağdsız hesablaşmaların 3%-i “Azpetrol”un payına düşür. 2022-ci ilin ilk 4 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə POS-terminallar vasitəsilə nağdsız hesablaşmalarla satış həcmi 90%-ə qədər artıb. Hesab edirəm ki, bu əhəmiyyətli göstəricidir və Azərbaycanın ən iri yanacaqdoldurma məntəqələri şəbəkəsinə malik olan şirkət kimi, ölkəmizdə nağdsiz ödənişlər dövriyyəsinin artırılmasına töhvəmizi verməkdə davam edəcəyik”, - Məmmədov bildirib.
“Azpetrol” 1997-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Şirkətin şəbəkəsinə 91 YDM, 3 maye qazdoldurma (propan-butan), ictimai əqliyyat üçün 1 CNG-terminal, yanacağın saxlanılması üçün 3 neftbazası, benzindaşıyan maşınlar üçün avtobaza, YDM-yə yanacağın fasiləsiz daşınması üçün 100 avtomobil, avtodayanacaq daxildir.
Fəaliyyət göstərən YDM-də CNG doldurulması üzrə 4 məntəqə, maye qaz doldurulması üçün 2 və elektrik doldurulması üçün 17 post, 8 motel, həmçinin ictimai iaşə obyektləri var. **
N.Abbasova