Azərbaycan Qarabağ münaqişəsini həll edib və Ermənistan bununla barışmalıdır. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Qarabağ münaqişəsi həll olunub. Biz bu məsələni həll etmişik, Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya qəbul edir. “Dağlıq Qarabağ” inzibati ərazisinə gəlincə isə, bu ərazi Azərbaycan ərazisində yoxdur. Beynəlxalq qurumların leksikonunda “Dağlıq Qarabağ” sözü yoxdur və son Brüssel görüşü (mayın 22-də - İF ) bunu bir daha göstərdi. Düzdür, Ermənistanda indi bu məsələ ilə bağlı yenə də hay-haray qaldırıblar və necə deyərlər, başlarını divara vururlar, amma bu, reallıqdır və onlar bu reallıqla barışmağa məcburdurlar”, - Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.
Dövlət başçısı vurğulayıb ki, ATƏT-in Minsk qrupu “keçmişdə qaldı”.
“Minsk qrupu öz fəaliyyətini başa vurub. Mən Minsk qrupu ilə bağlı öz fikrimi bildirmişəm, təkrar etməyə ehtiyac yoxdur. İndi postmünaqişə dövrüdür, hazırda bu dövrdə də biz gündəliyi diktə edirik və müharibədən keçən ilyarım ərzində nəyi istəmişiksə ona nail olmuşuq. Nəyi demişəmsə buna biz nail olmuşuq, ya da ki, nail oluruq”, - Əliyev deyib. **
E.Şəfiyev