Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, dövlət sərhədinin delimitasiyası Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyacaq.
“Bizim gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Mən demişdim ki, biz Ermənistanla sərhədləri müəyyən etməliyik. Ermənistan bundan imtina edirdi, ilyarım imtina edirdi. Amma nəticə nə oldu? Mayın 24-də Azərbaycan-Ermənistan sərhədində komissiyaların birinci görüşü keçirildi. Bunun çox böyük mənası var”, - Əliyev Zəngilan rayonunun Ağalı kənd sakinləri ilə görüş zamanı bildirib.
Prezident qeyd edib ki, Komissiyanın iclası sərhədlərin müəyyən edilməsi nöqteyi-nəzərindən vacibdir, “çünki ermənilər o sərhədləri də zəbt etmişlər”. “Digər tərəfdən bu, avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyur. Çünki əgər biz sərhədləri müəyyən ediriksə, hansı dırnaqarası “Dağlıq Qarabağ” statusundan söhbət gedə bilər?!”, - Əliyev əlavə edib.
Dövlət başçısı bəyan edib ki, “Qarabağ zonası var, Qarabağ diyarı var. Bu, Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir”.
Xəbər verildiyi kimi, mayın 24-də Azərbaycan-Ermənistan sərhədində sərhədlərin delimitasiyası üzrə komissiyanın ilk iclası keçirilib. **
B.Rüstəmbəyov