Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-in Azərbaycan dövlət başçısı İlham Əliyevin işğaldan azad olunmuş Zəngilan rayonunda çıxışı ilə bağlı açıqlamasından təəssüf hissi keçirir.
“Ermənistan XİN-in Azərbaycan dövlət başçısının 27 may 2022-ci il tarixində Zəngilan rayonunda səsləndirdiyi çıxışla bağlı növbəti əsassız açıqlama ilə çıxış etməsi təəssüf doğurur”, - şənbə günü Azərbaycan XİN-in saytında dərc olunan şərhində deyilir.
Şərhdə qeyd olunur ki, “30 ilə yaxın beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayan, işğalçı siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kobudcasına pozan Ermənistanın son zamanlar, sözdə beynəlxalq hüquqa tez-tez istinadlar etməsi maraq doğurur”.
Azərbaycan XİN-dən əlavə ediblər ki, İrəvandan fərqli olaraq, Bakı hər zaman beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşıb və bu mövqeyi ardıcıl şəkildə nümayiş etdirib.
“Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş Zəngilan rayonunda səsləndirdiyi fikirlərə gəldikdə isə, Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Azərbaycan dövlət başçısı, məhz beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan davranışdan çəkinməyə çağırır və belə bir hüquqa zidd davranışın doğura biləcəyi təhlükələrlə bağlı xəbərdarlıq edir”, - XİN-də bəyan ediblər.
Nazirlikdən əlavə olunub ki, post-münaqişə mərhələsində Ermənistanda “bu cür təhlükəli davranışları təşviq edən revanşist qüvvələr mövcuddur”.
“Ermənistan tərəfi anlamalıdır ki, onilliklər öncəki davranışı həyata keçirmək cəhdləri xülyadan başqa bir şey deyildir. Yalnız bölgədə yaranmış yeni realıqların və yeni imkanların düzgün şəkildə dəyərləndirilməsi doğru nəticələrə gətirib çıxara bilər”, - Azərbaycan XİN-dən vurğulanıb. **
R.Kərimov