ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, 30 il ərzində Vaşinqton və Bakı Avropanın enerji təhlükəsizliyinin təminatında, transmilli təhdidlərlə mübarizədə və ikitərəfli ticarət və investisiyaların inkişafında güclü tərəfdaşlara çevrilib.
“Azərbaycan müstəqillik əldə etdikdən sonra otuz il ərzində biz Avropanın enerji təhlükəsizliyinin təminatında, transmilli təhdidlərlə mübarizədə və ikitərəfli ticarət və investisiyaların inkişafında güclü tərəfdaşlara çevrilmişik”, - Blinken şənbə günü ABŞ Dövlət Departamentinin saytında dərc olunan 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrikində qeyd edib.
ABŞ dövlət katibi əlavə edib ki, Vaşinqton Azərbaycanın terrorizmə və qanunsuz ticarətə qarşı qlobal mübarizəyə verdiyi töhfəni, həmçinin Ukraynaya dəstəyini, xüsusilə humanitar yardımını dərindən qiymətləndirir.
O vurğulayıb ki, ABŞ “yalnız güclü iqtisadi əlaqələr deyil, həm də insanlar arasında əlaqələr vasitəsilə münasibətlərimizi genişləndirməyə davam etməkdən qürur duyur”. “Minlərlə Azərbaycan və ABŞ vətəndaşı birlikdə çalışıb və təhsil alıb və yenilik, əməkdaşlıq etmək və bir-birindən öyrənmək imkanı əldə ediblər”, - deyə Blinken əlavə edib ki, Vaşintonda bu prosesin davam edəcəyinə ümid edirlər.
Həmçinin, ABŞ dövlət katibi “Azərbaycan Konstitusiyası ilə nəzərdə tutulmuş insan haqqları və əsas azadlıqları müdafiə edən islahatların aparılması ilə demokratik inkişaf istiqamətində addımlar atmaq” çağırışı ilə çıxış edib.
Blinken ABŞ-ın “Azərbaycan və Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin” təşviqinə sadiqliyini qeyd edib və Vaşinqtonun ikitərəfli və həmfikir tərəfdaşlarla qarşılıqlı fəaliyyət göstərərək, o cümlədən regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olmasına kömək etməyə hazır olduğunu bildirib.
ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqton Azərbaycanın müstəqilliyini və suverenliyini, Azərbaycan xalqının hüquq və azadlıqlarını dəstəkləməyə sadiq olaraq qalır.
“Qlobal qeyri-müəyyənliyin hökm sürdüyü bu mürəkkbəb dövrdə Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini və suverenliyini, o cümlədən Azərbaycan xalqının hüquq və azadlıqlarını dəstəyinə sadiqliyini bir daha təsdiq edir”. **
R.Kərimov