Bazar günü Azərbaycan Xarici İşlər Nazirliyi atəşkəs rejimini pozması ilə bağlı İrəvanın ittihamlarını rədd edib, Ermənistan tərəfini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə səyləri və sərhədlərin delimitasiyası prosesini pozmaqda ittiham edib.
“Ermənistan XİN-in guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı, habelə Azərbaycana qarşı tamamilə əsassız iddiaları əks etdirən 28 may 2022-ci il tarixli açıqlamasını qətiyyətlə rədd edirik”, - nazirliyin saytında dərc olunan Ermənistan XİN-in 28 may tarixli açıqlamasına dair şərhində qeyd olunur.
Bildirilir ki, Azərbaycan Müdafiə NazirliyiAzərbaycan Silahlı Qüvvələri tərəfindən “atəşkəsin pozulması ilə bağlı dezinformasiya xarakterli, iftira dolu açıqlamanı təkzib edib” və yayılan məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.
Azərbaycan XİN-dən qeyd edilib ki, “hazırda iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində səylər göstərildiyi bir vaxtda Ermənistan tərəfinin bu cür iftira dolu, pozucu açıqlamalarla çıxış etməsi normallaşma istiqamətində atılan addımlara, o cümlədən dövlət sərhədinin delimitasiyası prosesinə xələl gətirmək məqsədi güdür”.
“Ermənistan XİN tərəfindən son günlərdə nümayiş etdirilən dağıdıcı yanaşma, birmənalı şəkildə Ermənistan və Azərbaycan arasında normallaşma üzrə baş tutan Brüssel görüşlərinin nəticələrini heçə endirməyə hədəflənib”, - deyə Azərbaycan XİN-dən əlavə ediblər ki, rəsmi Bakı beynəlxalq ictimaiyyətin də dəstəklədiyi sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaq. **
R.Kərimov