Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edib, tərəflər enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyətinə toxunuldu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu vurğulandı. Azərbaycandan Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparıldı”, - Azərbaycan prezidentinin saytında məlumat verilir.
Həmçinin, Əliyev və Loxman Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdilər.
“Azərbaycan lideri qlobal enerji layihələrinin həyata keçirilməsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasında Vaşinqtonun Bakıya verdiyi daimi dəstək yüksək qiymətləndirdi. Görüşdə Azərbaycanda elektrik enerjisi və bərpaolunan enerji sahəsində həyata keçirilən genişmiqyaslı işlər müzakirə olunub”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, Azərbaycan 30 dekabr 2020-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya qaz nəqlinə başlayıb. 2021-ci il ərzində İtaliya, Yunanıstan və Bolqarıstana 8,2 milyard kubmetr Azərbaycan qazı nəql olunub. 2022-ci ildə Azərbaycan qazının Avropaya nəql həcmi artırılacaq. **
X.Nəsirzadə