Çərşənbə axşamı xarici işlər naziri Ceyhun Bayramov Sofiyada bolqar xarici işlər naziri Teodora Gençovskaya ilə görüş keçirib.
“İki ölkənin xarici işlər nazirləri arasında təkbətək başlanan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə strateji dialoq görüşü ilə davam edib”, - Azərbaycan XİN-in bəyanatında deyilir.
Bayramov və Gençovskaya ölkələrimiz arasında iqtisadi əlaqələrin özəyini təşkil edən enerji sektoru, habelə nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, humanitat və digər sahələrdə əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər. “Cari il ərzində keçirilməsi planlaşdırılan Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasının ikitərəfli əməkdaşlığın genişləndirilməsinə müsbət töhfə verəcəyindən əminlik ifadə edilib”, - məlumatda deyilir.
Bayramov qarşı tərəfi post-münaqişə mərhələsində bölgədə mövcud olan vəziyyət, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının ağır nəticələrinin aradan qaldırılması üçün görülən işlər, o cümlədən azad olunan ərazilərdə minaların təmizlənməsi, bərpa və quruculuq işləri, habelə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar və bölgədə sülh və tərəqqinin təmin edilməsi ilə bağlı Bakının mövqeyi barədə məlumatlandırıb.
Öz növbəsində, Gençovskaya Sofiyanın Azərbaycan hökumətinin həyata keçirdiyi minalardan təmizləmə prosesinə töhfə verməyə hazır olduğunu ifadə edib. **
E.Şəfiyev