Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Azərbaycan hökuməti ilə Fondun Nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr aparmaq məqsədi ilə iyunun 7-dək Bakıda olacaq.
“Çad Steynberqin (Fondun Azərbaycan üzrə missiyasının rəhbəri – İF) başçılıq etdiyi missiya mayın sonunda Azərbaycanda işə başlayıb və iyunun 7-dək ölkədə olacaq. Missiya artıq ölkənin maliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirləri, həmçinin Mərkəzi Bankın İdarə Heyətinin yeni sədri ilə görüşlər keçirib”, - deyə fonddan “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Görüşlərdə ölkədəki cari iqtisadi vəziyyət, makroiqtisadi və pul-kredit siyasəti üzrə proqnozlar müzakirə olunub.
“Missiya, həmçinin iqtisadiyyat naziri, bankların nümayəndələri, Azərbaycan İnvestisiya Holdinqinin və bir sıra digər qurumların rəhbərliyi ilə görüşlər keçirəcək”, - deyə məlumatda qeyd olunur.
Bundan əvvəl BVF Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələri 2021-ci ilin aprel-may aylarında aparmışdı.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.*
A.Əzizov