Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması məsələsində həlledici rol oynayır. Bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden deyib.
“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır”, - deyə Bayden Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin öz işinə başlaması münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
O vurğulayıb ki, Vaşinqton davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiqdir.
“Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir. Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir”, - deyə Bayden vurğulayıb.
ABŞ Prezidenti regional enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunu yüksək qiymətləndirib.
“Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından Transxəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir”, - deyə o qeyd edib.
Eyni zamanda, Bayden şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Bakının səylərini dəstəkləyib.*
X.Nəsirzadə