Azərbaycan və Serbiya təbii qaz, bərpa olunan enerji mənbələri və birgə müəssisələrin yaradılması üzrə əməkdaşlıqla bağlı razılığa gəlib.
“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş imzalanıb. Sazişi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Serbiya tərəfindən isə bu ölkənin baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç imzalayıb”, - deyə Energetika Nazirliyinin məlumatında bildirilir.
Hər iki ölkənin enerji və təbii ehtiyatların potensialından rasional istifadə etmək məqsədi daşıyan bu saziş energetika sektoruna, xüsusən də təbii qaz və bərpa olunan enerji mənbələri, eləcə də mineral kəşfiyyat sahələrinə qarşılıqlı investisiyaların təşviqi, tənzimləyici, enerji səmərəliliyi, birgə müəssisələrin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənəddə, həmçinin Cənub Qaz Dəhlizinin həyata keçirilməsini dəstəkləmək üçün əməkdaşlığın davam etdirilməsi öz əksini tapır.
Söhbət zamanı Cənub Qaz Dəhlizinin interkonnektorlarla şaxələndirilməsinin Serbiya və Balkan ölkələri, eləcə də təchizatçı kimi Azərbaycan üçün əhəmiyyətli olduğu vurğulanıb.
“Cənub Qaz Dəhlizinə Serbiyanın inteqrasiyasına imkan yaradacaq Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəmərindən, eləcə də Serbiya-Rumıniya və digər interkonnektorlardan bəhs edilib. Görüşdə təbii qazla yanaşı, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq, birgə layihələrin reallaşdırılması imkanları da nəzərdən keçirilib”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova