Albaniya Respublikasının Prezidenti İlir Meta bu ilin iyun ayında Azərbaycana səfər edəcək.
“Məni iyun ayında ölkənizə səfərə dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm”, - deyə o, Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
Məktubun mətni bu gün Azərbaycan Prezidentinin saytında dərc olunub.
Meta Albaniya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib və Tirana ilə Bakının ikitərəfli əməkdaşlıq münasibətlərini gücləndirəcəyini bildirib.
“Bizim birgə səylərimiz və iştirakımızla ikitərəfli əməkdaşlıq münasibətləri gələcəkdə daha da inkişaf edəcək və güclənəcək”, - deyə Albaniya Prezidenti qeyd edib.
Meta TAP və İAP layihələrinin Albaniyada uğurlu icrasına göstərilən dəstəyə görə bir daha təşəkkür edib.
“Xüsusilə bu gün Avropada təhlükəsizliyə, sabitliyə və sülhə açıq təhdidlərin olduğu bir vaxtda bu layihələr daha böyük əhəmiyyət kəsb edir. Çünki bu layihələr ölkəmizi nəinki dünya enerji sisteminin mühüm seqmentinə, eləcə də regionun və Avropanın bu günü və gələcəyi üçün alternativ enerji mənbəyinə çevirib”, - deyə o vurğulayıb.*
R.Kərimov