Energetika naziri Pərviz Şahbazov məlumat verib ki, Trans-Adriatik boru kəmərinin (TAP) ötürücülük gücü mərhələli şəkildə artırılacaq.
““TAP AG” şirkətinin icraçı direktoru Luka Şippati (Luca Schieppati) ilə görüşdə icbari bazar sınaqlarının yekunları üzrə TAP qaz kəmərinin mərhələli şəkildə artırılmasını müzakirə etdik”, - Şahbazov öz Twitter hesabında yazıb.
“İnterfaks-Azərbaycan” agentliyi qeyd edir ki, nazir görüşün digər təfərrüatları bardə məlumat verməyib.
Öncə “TAP AG” şirkətinin məlumatına görə, TAP-ın kommersiya direktoru Mariya Savovaya istinadən məlumat verilir ki, Trans-Adriatik boru kəmərinin (TAP) ötürücülük gücünün 2 dəfə - 20 milyard kubmetrə qədər artırılması 45-65 ay vaxt apara bilər.
Onun sözlərinə görə, icbari bazar sınaqlarının növbəti mərhələsi 2023-cü ilin iyul ayına planlaşdırılıb. “Lakin prosesin daha tez başlamasına marağın olacağı təqdirdə bu qrafik sürətləndirilə və icbari bazar sınaqları 2022-ci il ərzində başlaya bilər”. Biz bütün maraqlı tərəfləri davam edən bazar sınaqlarında (icbari olmayan mərhələdə - İF) iştiraka dəvət edirik”, - kommersiya direktoru qeyd edib.
“TAP AG” konsorsiumu ötürücülük gücünün artırılması üzrə 3 ssenarini nəzərdən keçirir: məhdud - ildə təxminən 14,4 milyard kubmetrə qədər, qismən – ildə təxminən 17,1 milyard kubmetrə qədər, tam - ildə təxminən 20 milyard kubmetrə qədər.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. İndiyədək TAP ilə ümumilikdə 10 milyard kubmetr Azərbaycan qazı nəql olunub.
“TAP AG” konsorsiumu 2020-ci il oktyabr ayının 13-də qaz kəmərinin tikintisinin başa çatdığını elan edib. TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.*
A.Əzizov