Azərbaycan sərhədçiləri İrandan təxminən 11 kq ümumi çəkidə qızıl-zinət əşyalarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilir.
“İyunun 1-də saat 03:20 radələrində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində iki nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib”, - Xidmətdən bildirilir.
Qeyd olunur ki, sərhədçilər yerli hüquq mühafizə orqanlarını məlumatlandırılıblar.
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri təqib olunaraq yaşadığı evinin həyətyanı sahəsində saxlanılıb. Onun Yardımlı rayonunun Avaş kənd sakini 1986-cı il təvəllüdlü Mehman Quliyev olması müəyyənləşdirilib.
“Araşdırma zamanı Quliyev həmkəndlisi 1990-cı il təvəllüdlü Rahim Mayılov ilə birgə digər həmkəndlisi Nazim Ağayevin sifarişi əsasında İrandan qızıl-zinət əşyaları gətirmək məqsədilə dövlət sərhədini pozmalarını etiraf edib”, - məlumatda qeyd olunur.
Quliyevin yaşadığı evə baxış keçirilərkən10 kiloqram 790 qramqızıla bənzər zinət əşyaları aşkarlanıb. Mayılovun yaşadığı mənzilə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə İİR-dən gətirilmiş 7050 qutu “MARLBORO” markalı siqaretlər aşkar olunaraq götürülüb.
“Qaçaqmalın sifarişçisi Ağayev saxlanılıb, Mayılovun axtarışı üzrə tədbirlər davam etdirilir”, - Xidmətdən dəqiqləşdirilib. **
E.Şəfiyev