“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundanhasil edilən mənfəət neftinin 60%-ə qədəri Azərbaycanın payına düşüb. Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Bakı Enerji Forumundaçıxışı zamanı deyib.
“2022-ci il mayın 1-nə AÇG-dən 553 milyon ton neft hasil edilib. Bunun 325 milyon tonu mənfəət neftidir və 59%-i Azərbaycanın payına düşür. Son illər ərzində Azərbaycanın mənfəət neftinin payı 70%-ə çatıb”, - deyə X.Yusifzadə bildirib.
Onun sözlərinə görə, hazırda AÇG-dən gündəlik 59 min ton neft, 40 milyon kubmetr təbii qaz hasil edilir.
“AÇG blokunun işlənməsinə $43 milyard investisiya qoyulub, növbəti illərdə isə $40 milyarddan artıq investisiya qoyuluşu planlaşdırılır”, - deyə birinci vitse-prezident qeyd edib.
X.Yusifzadə bildirib ki, bu günədək 628 milyon ton Azərbaycan nefti ixrac edilib. İxrac edilmiş neftin 458 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəmərinin payına düşüb.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb. Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
2021-ci ildə AÇG blokundan 167 milyon barelə yaxın neft (2020-ci illə müqayisədə azalma 4,6%) hasil edilib.*
B.Rüstəmbəyov