Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov bildirib ki, Bakı və Seul iyulda Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundunu keçirməyi planlaşdırır.
“Azərbaycan tərəfi Koreyaya XİN-lərarası məsləhətləşmələrin növbəti raundunu keçirməyi təklif edib. Azərbaycan xarici işlər nazirinin müavini qarşılıqlı fəaliyyət imkanlarını müzakirə etmək üçün təxminən iyulda Koreyaya səfər etməyi planlaşdırır”, - deyə Teymurov Koreyanın “Arirang” telekanalına müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, səfir, həmçinin Cənubi Koreya şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpasında iştirak etməyə dəvət edib. “Biz bu əraziləri yeni texnologiyalar, ekoloji təmiz layihələr, yaşıl enerji, bərpa olunan enerji mənbələri, "Ağıllı kənd" və "Ağıllı şəhər" layihələri əsasında inkişaf etdirmək istəyirik. Koreya şirkətləri bu sahələrdə böyük təcrübəyə malikdir və biz onları rəsmi şəkildə bu layihələrdə iştirak etməyə dəvət edirik”, - deyə o vurğulayıb.
Səfir xatırladıb ki, Azərbaycan Cənubi Qafqazda Cənubi Koreyanın aparıcı iqtisadi tərəfdaşıdır. “2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi $109 milyon 635 minə çatıb. Bunun $1 milyon 519 mini Koreyaya ixrac edilən Azərbaycan məhsullarının payına düşüb. Koreyadan Azərbaycana əsasən avtomobillər, polad konstruksiyalar və avtomobil ehtiyat hissələri, nəqliyyat, yükdaşıma və yükləmə-boşaltma maşınları ixrac olunur”, - deyə R.Teymurov qeyd edib.*
E.Şəfiyev