Rusiyanın “Severstal” şirkəti ilk dəfə olaraq Azərbaycanda ənənəvi neft və qaz sərgisində iştirak edir. “Severstal”ın energetika şirkətləri və infrastruktur layihələri ilə iş üzrə direktoru Dmitri Qoroşkov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində şirkətin qarşısında duran vəzifələr, Azərbaycandakı şirkətlərlə iş planları barədə danışıb.
“Severstal” şirkəti Azərbaycanda keçirilən illik “Caspian Oil&Gas” sərgisində ilk dəfə iştirak edir. Sərgidə məhz indi iştirak etməyə hansı səbəbdən qərar verilib və onun yekunları üzrə hansı nəticələrə ümid edirsiniz?
Azərbaycan və bütövlükdə MDB şirkət üçün perspektivli regionlardan biridir. Xəzər regionunun yataqlarının təminatına aparıcı neft-qaz korporasiyalarının sərmayə qoyması və qaz-nəqliyyat sistemlərinin müasirləşdirilməsi sayəsində böyük diametrli borulara (BDB) dayanıqlı tələbat yaranır. MDB ölkələrinin bazarlarında neft-qaz sektoru üçün təkcə BDB-yə orta illik tələbat təxminən 500 min ton təşkil edir. “Severstal” şirkəti yaxın bir il ərzində MDB-nin neft-qaz bazarı üçün məhsul seqmentində öz iştirakını genişləndirməyə ümid edir.
Sərgidə iştirak çərçivəsində regionun neft-qaz şirkətlərinin nümayəndələri ilə danışıqların aparılması planlaşdırılırmı?
“Severstal” menecmentinin Bakıya səfər proqramına, ilk növbədə, Azərbaycanın ən iri beynəlxalq neft-qaz şirkəti olan SOCAR-ın nümayəndələri ilə görüş daxildir. Görüşdə cari layihələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq. O cümlədən neft-qaz sənayesi obyektlərinin tikintisi sahəsində fəaliyyət göstərən əsas podratçılarla görüşlərin keçirilməsi də planlaşdırılıb.
Biz SOCAR-la treyder vasitəsilə işləmişik. 2018-ci ildən 2020-ci ilədək neft buruqlarının tikintisi üçün riflənmiş təbəqə polad tədarük etmişik. Podratçıdan müsbət geridönüş almışıq. Onlar işin Həştərxan limanı vasitəsilə logistika sxemindən məmnun qalıb. Bizim məhsulu su nəqliyatı vasitəsilə göndərmək imkanına malik olmağımız müştəri üçün həm tədarük müddəti, həm də qiymət baxımından böyük üstünlükdür.
“Severstal” Azərbaycandakı müştərilərə nə təklif edə bilər?
“Severstal” neft-qaz sənayesinin müştəriləri ilə çox böyük müqavilə təcrübəsinə malikdir. Təkcə 2021-ci ildə biz dünyanın on ölkəsinə BDB tədarük etmişik. Hazırda MDB ölkələrində tərəfdaşlığı fəal şəkildə inkişaf etdiririk.
“Severstal” müştərilərə obyektin layihələndirilməsinin, metal məhsulların, onların bazasında məmulatların və həllərin istehsalının və tədarükünün daxil olduğu kompleks həlli, habelə sifarişçinin fərdi tələbatları nəzərə alınmaqla məhsulların və xidmətin uyğunlaşdırılmasını təklif edir. Bizim təklifimiz infrastruktur layihələri həyata keçirən istənilən şirkət üçün aktual ola bilər.
Xarici bazarlarda və Rusiyada rəhbər tutduğumuz strategiya hər bir müştərinin ehtiyacına cavab verən təklifin yaradılması üzərində qurulur. Belə yanaşmaya nümunə kimi Deformax xəttinə daxil olan yüksək deformasiya qabiliyyətli K65 borularını qeyd etmək olar. Hazırda belə boruları “Severstal”dan başqa heç kim istehsal etmir. Onlar “Sila Sibiri” magistral qaz kəmərinin fəal tektonik sınma zonalarından keçən hissələrinin tikintisi zamanı tərəfdaşlarla birgə iş nəticəsində hazırlanıb. Belə uyğunlaşma səviyyəsi şəxsi poladtökmə və prokat güclərinin mövcud olması sayəsində mümkündür.
Azərbaycanda biznesi necə inkişaf etdirməyi nəzərdən keçirirsiniz – hazır məhsulların tədarükü və yaxud ölkədə birgə istehsalın təşkili şəklində?
Hazırda Azərbaycanda hər hansı birgə istehsal güclərinin təşkili planlaşdırılmır.
“Severstal” Azərbaycan vasitəsilə digər Xəzəryanı ölkələrin və Türkiyənin neft-qaz bazarına çıxmaq imkanlarını nəzərdən keçirirmi?
Azərbaycan son bir neçə ildir Xəzəryanı enerji bazarı üçün vacib klasterlərdən birinə çevrilir. Bu mənada bu ölkədə mövqelərimizin möhkəmlənməsinə gələcəkdə hansısa qonşu bazarlara çıxışı asanlaşdıracaq amil kimi baxmaq olar. Lakin konkret ölkələrdə planlardan danışmaq hələ tezdir, çünki bazarlar çoxlu sayda idarəolunmaz xarici amillərin təsiri altındadır.
“Severstal”ın cari il üçün istehsal həcmləri və investisiyalarla bağlı nə kimi planları var? Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya və xüsusilə əsas sahibə qarşı sanksiyaların tətbiqi şirkətin fəaliyyətinə və planlarına təsir göstəribmi?
Vəziyyətin son dərəcə dəyişkənliyini nəzərə alaraq istehsalla bağlı proqnozlar vermək çətindir. Hər şey bazarın hara gedəcəyindən asılı olacaq. Biz irəliləmiş mərhələdə olan iri investisiya layihələrini başa çatdırmaq niyyətini təsdiq edirik. Yeni layihələrə gəlincə, ilk növbədə, avadanlıq təchizatının təmin edilməsinin mümkünlüyü baxımından onların qiymətləndirilməsi prosesindəyik.
Sözsüz ki, çətin vəziyyət yaranıb. İlk növbədə, çətinliklər tədarük zəncirinin pozulması, bizim üçün ənənəvi olan ixrac bazarlarının bağlanması ilə əlaqədardır. İndi biz alternativ variantların axtarışı üzərində işləyirik. Hesab edirik ki, aşağı xərclər, logistika proseslərinin çevikliyi və geniş məhsul xətti bizə dünyanın əksər regionlarına səmərəli satış həyata keçirməyə imkan verəcək.
Dünya bazarında Rusiya poladının qiymət dinamikası necədir? Bütövlükdə, dünya bazarında poladın qiyməti və bu məhsula olan tələbatla bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
Satış infrastrukturunun bərpası üçün gərəkli olan fasilədən sonra Rusiya ixracatçıları dünya bazarına qiymətlərin artıq tarixi maksimumu keçdiyi və ucuzlaşdığı bir vaxtda qayıtdılar. Aprel-may aylarında Rusiyada prokat qiymətləri təchizat zəncirində ehtiyatların yüksək səviyyədə olması fonunda ucuzlaşmağa davam edib.
Bununla belə, yayın gəlişi ilə Rusiyada tikinti mövsümünə start verilir. Mərkəzi Bank iki dəfə əsas dərəcəni azaldıb və gələcəkdə də düzəlişin edilməsini istisna etmir ki, bu da tikinti sektorunu və nəticə etibarilə polada tələbatı stimullaşdıracaq. Bununla yanaşı, qeyd etmək lazımdır ki, daxili bazarda rəqabətin artması qiymətlərə təzyiq göstərməyə bilməz. Rublun məzənnəsi ilə bağlı qeyri-müəyyənlik səbəbindən isə Rusiyada qiymətlər gah dünyada ən aşağı səviyyəyə enir, gah da əksinə, ixrac qiymətləri səviyyəsinə yüksəlir.
“Severstal” şirkətinin ixrac coğrafiyası necədir və mövcud geosiyasi şəraitdə necə dəyişəcək?
“Severstal” ixrac istiqamətlərinin bir hissəsinin bağlanması ilə əlaqədar tədarükü başqa əlçatan bazarlara yenidən istiqamətləndirməyi planlaşdırır ki, bu da MDB ölkələrindəki tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi deməkdir.*
Söhbət etdi Nigar Abbasova