Şəki şəhərində sərnişin avtobusunun dərəyə aşması nəticəsində 23 nəfər xəsarət alıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
““112” qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər”, - deyə məlumatda bildirilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə bu gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində baş verib. “ISUZU” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Avtobusda gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəlmiş 4 müəllim, 2 valideyn və 16 şagird olub.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
TƏBİB-in yaydığı məlumatda bildirilib ki, Şəki şəhərində avtobusun aşması zamanı xəsarət almış 11 nəfər saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Vətəndaşlardan 10 nəfərə ilkin zəruri tibbi yardım göstərilərək 18:30 radələrində evə buraxılıb. Bir nəfərin müayinəsi davam etdirilir.*
R.Kərimov