2017-2021-ci illərdə Moskva iqtisadiyyatına Azərbaycanın ümumi sərmayələri $467 milyon təşkil edib. Bu barədə Moskva merinin iqtisadi siyasət və əmlak-torpaq münasibətləri üzrə müavini Vladimir Yefimov məlumat verib.
“İnterfaks-Azərbaycan”ın məlumatına əsasən, Rusiya Mərkəzi Bankın məlumatına görə, 1 oktyabr 2021-ci il tarixinə Moskvaya Azərbaycanın toplanmış sərmayələrinin həcmi $467 milyon təşkil edib.
“5 il ərzində sərmayələr 3,8 dəfə - 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına qədər 15,6% artıb. Azərbaycan biznesi əsasən kimya sahəsi və əmlaka vəsait yatırır”, - Yefimov bildirib.
Onun sözlərinə görə, 2013-cü ildən etibarən Moskvada SOCAR-ın törəmə müəssisəsi fəaliyyət göstərir.
“Şirkət bürün Rusiya üzrə həm birjada, həm də birbaşa müqavilələr ilə fəal neft, neft məhsulları və neft-kimya məhsullarının ticarətini həyata keçirir. Bundan başqa, SOCAR öz istehsalı olan polimer məhsulların satışı ilə məşğuldur və onu yalnız ölkə daxilində deyil, həm də Gömrük İttifaqı ölkələrinə satır”, - Yefimov qeyd edib.
O vurğulayıb ki, 2021-ci ildə Moskva ilə Azərbaycan arasında ticarət dövriyyəsi $999 milyonu ötüb, bu da 2020-ci ilin göstəricisindən 11,8% çoxdur. 2022-ci ilin yanvar ayında 2021-ci ilin yanvar ayı ilə müqayisədə bu göstərici 44,1% artaraq təxminən $85 milyon təşkil edib.
Öz növbəsində, Moskva şəhər İnvestisiya və sənaye siyasəti Departamentinin rəhbəri Vladislav Ovçinski məlumat verib ki, 2021-ci ildə MoskvadaN Azərbaycana ixracın həcmi $424 milyonu ötüb, bu da bir il əvvələ nisbətən 6,6% çoxdur. İdxalın həcmi 16% artaraq $575 milyon təşkil edib.
“Mosprom” Mərkəzinin mütəxəssislərinin məlumatına görə, 2021-ci ildə Moskva şirkətləri Azərbaycana elektrik qurğular, rabitə aparaturası, mexaniki avadanlıq və texnika, yuyucu vasitələr, kosmetika tədarük edib.
Həmçinin, Moskva plastmas və ondan məmulatlar, meyvə, qoz, tərəvəz və içkilər alıb. **
B.Rüstəmbəyov