İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “ABC-TELECOM” MMC-yə (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) qarşı qaldırılmış işə xitam verib.
Xəbər verildiyi kimi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi üçün kompleks tədbirlər çərçivəsində mobil telefon cihazları bazarında araşdırmalar zamanı təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilmişdi. Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməməklə araşdırmanın çevik və effektiv aparılmasına əngəl yaratdığı üçün “ABC-TELECOM” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
“İnterfaks-Azərbaycan” agentliyi Xidmətin açıqlamasına istinadən xəbər verir ki, işəbaxma zamanı MMC tərəfindən tələb olunan sənəd və məlumatlar işəbaxma komissiyasına təqdim edilib. “ABC-TELECOM” MMC-nin tələb olunan məlumatları tam həcmdə təqdim etməsi və bu cür halların təkrarlanmayacağına dair öhdəlik götürməsi nəzərə alınaraq işə xitam verilib.*
B.Rüstəmbəyov