Aqrar Sığorta Fondu son günlərdə ölkə ərazisindəki qeyri-sabit və dəyişkən hava şəraiti ilə əlaqədar olaraq təsərrüfat sahiblərinin zərərlə üzləşməsi ilə bağlı məlumat yayıb.
“İnterfaks-Azərbaycan” agentliyi Fondun məlumatına istinadən xəbər verir ki, son günlərdə ölkənin müxtəlif bölgələrində baş vermiş dolu, fırtına, sel və ya subasma, həmçinin üçüncü şəxslərin hərəkətləri nəticəsində 30 min hektar əkin sahəsinə çox ciddi ziyan dəyib.
“Məhz son dövrlərdə baş vermiş təbii fəlakətlər nəticəsində ziyan dəymiş əkin sahələrindəki zərər miqdarının ən qısa zamanda qiymətləndirilməsi və ödənişlərin həyata keçirilməsi üçün Aqrar Sığorta Fondu bütün imkanları ilə səfərbər olub. Belə ki, bu prosesin sürətləndirilməsi üçün görüləcək müvafiq işlərə dəstəkvə təcrübə mübadiləsi məqsədilə Türkiyədən 10 müstəqil ekspert də cəlb edilib”, - deyə məlumatda qeyd olunur.
Ölkə ərazisindəki 285 min hektara yaxın əkin sahəsi dövlət dəstəyi və güzəşti ilə aqrar sığorta təminatı altına alınıb. Aparılan ilkin qiymətləndirməyə əsasən sığortalanmış əkin sahələri 278 milyon manat məbləğində risk daşıyır.*
X.Nəsirzadə