Azərbaycan hökuməti Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) Logistika Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib.
“Mərkəzin Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarında reallaşdırılan layihələr üçün tikinti materialları ilə logistika dəstəyini təmin edəcəyi nəzərdə tutulur. Həmçinin, Logistika Mərkəzinin sərhəd-gömrük məntəqəsi yaxınlığında yerləşməsi İran ilə ticarət əlaqələrini genişləndirməyə imkan verəcək”, - “İnterfaks-Azərbaycan”a hökumətdəki mənbə bildirib.
Bundan başqa, hökumətdən qeyd edilib ki, Zəngəzur dəhlizinin bu nəqliyyat qovşağının yaxınlığından keçməsi beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasını təmin edəcək.
53 min ton altlıq tutumlu və 43 min kv. metr qapalı sahədə Logistika Mərkəzinin yaradılmasının dəyəri 10 milyon manatdan artıq qiymətləndirilir.
Mərkəzin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yaradılması nəzərdə tutulur.
“Bu investisiya layihəsinin icrası üçün investora dövlət tərəfindən güzəştli kreditin verilməsi, dövlət tərəfindən infrastruktur təminat, gömrük və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur”, - hökumətdən məlumat verilib. **
N.Abbasova