Çərşənbə günü Azərbaycan İqtisadiyyat Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycanda korporativ sektorun inkişafi ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyinin saytında məlumat verilir.
Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone imzalayıblar.
Cabbarov qeyd edib ki, “bu gün imzalanan memorandum Azərbaycan Respublikasında davamlı özəl korporativ sektor (kiçik və orta sahibkarlıq daxil olmaqla) üçün prioritet təşəbbüslərin işlənib hazırlanması və həyata keçirilməsində AYİB və İqtisadiyyat Nazirliyi arasında əməkdaşlığın istiqamətlərini əks etdirir”.
Öz növbəsində, Patrone Bankın Azərbaycanla uzunmüddətli və səmərəli əməkdaşlığını vurğulayıb, qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini ifadə edib.
Məlumatda deyilir ki, tədbirdə Azərbaycan-AYİB əməkdaşlığının genişləndirilməsi istiqamətləri, Bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 181 layihənin maliyyələşdirilməsinə 3,39 milyard avroya yaxın vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 33 layihə daxildir və onların həyata keçirilməsinə 823 milyon avro ayrılıb (31 mart 2022-ci il tarixinə - İF-Az).**
R.Kərimov