Çərşənbə günü Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən bəyan ediblər ki, Ermənistanın Baş prokurorunun Azərbaycan ərazilərinə qanunsuz səfəri Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına ciddi xələl gətirir və Ermənistan tərəfinin bu məsələdə səmimi olmadığını nümayiş etdirir.
“Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqla yanaşı, post-münaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində göstərilən səylərə ciddi xələl gətirir”, - XİN-in saytında məlumat verilir.
XİN-dən vurğulanıb ki, “Ermənistan tərəfinin bu məsuliyyətsiz və təxribatçı addımı, bu ölkənin normallaşma prosesində səmimi olmadığını, o cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha nümayiş etdirir”.
Nazirlikdən əlavə ediblər ki, “bu təxribatçı addımın bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir”. **
R.Kərimov