Rusiyanın enerji şirkətləri Laçın və Kəlbəcər rayonlarında külək parkının tikintisi layihələrinin həyata keçirilməsində maraqlıdır.
“Azərbaycan və Rusiya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının apreldə (2022-ci il aprelin 26-da - İF) Bakıda keçirilən iclası çərçivəsində müzakirə olunub”, - deyə Azərbaycan hökumətindən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Mənbənin sözlərinə görə, iclas zamanı Rusiya şirkətlərinin (“İnter RAO” PSC, “RusQidro” PSC və s.) Azərbaycan ərazisində enerji obyektlərinin (İES/SES/BEM) tikintisi və modernləşdirilməsi layihələrində iştirak etməyə hazır olduqları ifadə olunub.
“Söhbət xüsusilə Laçın və Kəlbəcər rayonlarında 100 MVt gücündə külək parkının və Tərtər çayı üzərində 20 MVt gücündə kiçik SES-in tikintisi layihələrindən gedir", - deyə mənbə qeyd edib.
Bundan başqa, iclasda Azərbaycan tərəfi ölkədə hidroenergetika sahəsində birgə həyata keçirilməsi üçün potensial layihələrin siyahısını, həmçinin hidrotexniki obyektlərin və infrastruktur obyektlərinin yaradılmasında “RusQidro” PSC-nin layihə-injinirinq institutlarının mümkün iştirakı ilə bağlı təklifləri Rusiyanın Energetika Nazirliyinə göndərməyə hazır olduğunu bildirib.
Daha əvvəl Prezident İlham Əliyev Azərbaycanın azad edilmiş ərazilərinin (Şərqi Zəngəzur və Qarabağ) günəş və külək enerjisi potensialının 9-10 min MVt səviyyəsində qiymətləndirildiyini bildirmişdi.*
N.Abbasova