Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla regional nəqliyyat və iqtisadi kommunikasiyaların açılması prosesində irəliləyişin olduğunu bildirib.
“Regional iqtisadi kommunikasiyaların açılması prosesində müəyyən müsbət irəliləyiş müşahidə edirik”, - deyə Mirzoyan bu gün İrəvanda rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunları üzrə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, açılacaq bütün yollar onların keçdiyi ölkələrin yurisdiksiyası altında qalır. “Dəhlizlərdən söhbət getmir və bu yanaşma bütün tərəflər üçün məqbuldur”, - deyə erməni nazir qeyd edib.
O, həmçinin bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyanın görüşü iki ölkə arasında danışıqların aparılmasına doğru atılan ilk addım olub.
“Əlbəttə, yanaşmalar bütün məsələlərdə üst-üstə düşməsə də, danışıqlar məhz qarşılıqlı güzəştlərin əldə edilməsinə xidmət edir”, - deyə Mirzoyan qeyd edib.*