Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesində Rusiyanın dəstəyinə ümid edir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Bu yaxınlarda Moskvada Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupunun görüşü keçirilib. Ümid edirəm ki, konkret razılıqlara gəlmək və nəhayət, bütün region, sabitlik və sülh üçün bu strateji vacib məsələni yaxın gələcəkdə həll etmək mümkün olacaq”, - deyə Paşinyan bu gün İrəvanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə bildirib.
O, həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasının vacibliyini də qeyd edib.
“Bu yaxınlarda sərhədlərin demarkasiyası və delimitasiyası üzrə Ermənistan-Azərbaycan İşçi Komissiyasının birinci görüşü keçirilib. Artıq ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçiriləcəyi planlaşdırılıb. Bu kontekstdə prosesin təbii yolla inkişaf etməsi və səmərəli olması üçün Rusiyanın dəstəyinə ümid edirik”, - deyə Paşinyan bildirib.*