Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bildirib ki, Qarabağa dair üçtərəfli bəyanatların yerinə yetirilməsi “bizim prioritetimizdir”.
“Biz regionda vəziyyətin tam normallaşması, humanitar problemlər də daxil olmaqla, bütün problemlərin nizamlanması üzrə təsbit edilmiş bütün istiqamətlərin və fəaliyyətlərin qısa müddətdə həllinə yönəlmişik”, - deyə o qeyd edib.
Lavrovun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrup tərəfindən yekun razılaşmaların konkret aspektlərinin razılaşdırılması irəliləmiş mərhələdədir.
“Bu, delimitasiyaya (Ermənistan-Azərbaycan sərhədinin - İF) da aiddir. Biz iki komissiyanın işə başlamasını alqışlayırıq. Təsis görüşü keçirilib, biz bunu çox vacib hesab edirik, liderlərin razılaşmasına uyğun olaraq məsləhət xidmətləri göstərəcək Rusiya nümayəndələrinin iştirakı ilə Moskvada görüşə hazırlaşacağıq. Biz qonşularımız, Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasında maraqlıyıq. Rusiya tərəfi Azərbaycanın irəli sürdüyü təkliflər, Ermənistanın mövqeyi barədə bilir. Rusiya qarşılıqlı razılığın əldə olunmasına töhfə vermək üçün üzərinə düşəni etməyə hazırdır. Bütün razılaşmaların tam icrasına yönəlmişik”, - deyə XİN rəhbəri vurğulayıb.*