2022-ci ilin may ayında Azərbaycanda inflyasiya apreldə 1%-ə qarşı 0,7% səviyyəsində qeydə alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“May ayında respublikada inflyasiya 0,7% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1%, qeyri-ərzaq mallarının qiymətləri 0,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,5% bahalaşıb”, - Komitədən bildirilir.
2022-ci ilin may ayında inflyasiya 2021-ci ilin may ayı ilə müqayisədə 13,7% təşkil edib.
Statistik məlumatlara əsasən, mayda ət və ət məhsulları 0,5%, çörək məmulatları – 0,8%, spirtli içkilər – 0,8%, süd məhsulları – 0,9%, balıq məhsulları – 0,2%, meyvə - 7%, kərə və bitki yağları – 2% bahalaşıb.
Mayda tərəvəz 1,6%, yumurta 8,4% ucuzlaşıb.
May ayının sonuna Azərbaycanda orta illik inflyasiya 12,6% (aprel ayının sonuna 12,4%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 17,9% (həmçinin qida məhsulları üzrə - 18,5%), qeyri-ərzaq malları üzrə 6,6%, xidmətlər üzrə 10,2% təşkil edib.
2021-ci ildə orta illik inflyasiya 6,7% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4% səviyyəsində proqnozlaşdırır. AMB-nin baza qiymətləndirmələrinə görə, 2022-ci ildə orta illik inflyasiya 6,6-7,1% təşkil edəcək. **
N.Abbasova